![]() |
Əhməd Ağdamski Əhməd bəy (Ağdamski) Bədəlbəyov 1884-cü ildə Ağdamda dünyaya göz açıb. Əhməd Ağdamskinin adı Azərbaycan opera və operettalarında qadın rollarının ilk mahir ifaçısı kimi tarixə düşüb. O, dahi bəstəkar Üzeyir bəy Hacıbəyovun inqilabdan əvvəl yazdığı bütün opera və operettalarda xaraktercə bir-birindən kəskin fərqlənən qadın rollarını səhnədə ustalıqla canlandırmaqla yanaşı elə oxuyurdu ki, bir-birindən təsirli ariyaları dildən-dilə düşürdü. Bəstəkarın qönçə nəğmələri onun dodaqlarında gülə dönürdü. Əhməd bəyin səsindən bizə yadigar qalmayıb. Deyilənlərə görə, keçən əsrin əvvəllərində səsini vala yazdırıb, elə həmin vaxtlar da erməni-müsəlman davası düşüb. Valın çap olunub-olunmamasından Əhməd bəyin xəbəri olmayıb. Sonralar isə Əhməd bəy səsini yazdırmağa təşəbbüs göstərməyib. Xatirələrdən bəlli olur ki, Əhməd bəyin geniş diapazonlu tenor səsi olub. Əhməd bəy Ağdamski 20-ci illərin əvvəllərində doğma Qarabağa qayıdır. Ağdamda yaşamağa başlayır. Çox keçmir ki, burada teatr truppası (1923) yaradır, bir çox tamaşaların rejissoru olur, musiqili əsərlərlə yanaşı dram əsərlərində də bir müğənni-aktyor kimi çıxış edir. Sonra o, mehrini daha çox tara salır. Ə.Ağdamski 1934-cü ildən Ağdaşa köçüb, orada uzun illər musiqi məktəbində tar müəllimi işləyib, dərs hissə müdiri olub. Əməkdar incəsənət xadimi (1943) Əhməd bəy Ağdamski mənalı ömrünün çoxunu Azərbaycan səhnəsinin, incəsənətinin çiçəklənməsinə sərf edib. |
