ana səhifə pxl bizə yazın pxl pxl english version
Habil Əliyev
pxl pxl

Habil Əliyev HABİL ƏLİYEV
kamança

I üz
Dilkəş və Təsnif - 11.45
Çahargah - 9.17
(xalq musiqisi)

II üz
Bayatı - Həcər və Təsnif - 9.42
Bayatı - Şiraz və Təsnif - 7.57
(xalq musiqisi)






Habil Əliyev (1927-ci ildə anadan olub) xalqın şüurunda ən yaxşı milli mədəni ənənələri təcəssüm etdirən əfsanəvi musiqiçələrdən biridir. Azərbaycan Respublikasının xalq artisti, qədim Azərbaycan xalq çalğı aləti olan kamançanın misilsiz virtuoz ifaçısı Habil Əliyevin artıq sağlığında haqqında şe’rlər yazılmış, rəsm əsərləri çəkilmiş, heykəli yonulmuşdur və ən əsası odur ki, xalq ona ehtiram bəsləyir və sevir. Kamança ustasının möhtəşəm sənəti dünyanın çox ölkələrində Misirdə, Bolqarıstanda, Fransada, Türkiyədə, İtaliyada, İsveçdə, İngiltərədə, İsveçrədə, Pakistan və AFR-də alqışla qarşılanıb. H.Əliyevin konsertinə yazılan resenziyalarda onu "şərqin Paqaninisi", "Azərbaycanlı Orfey", "sehrli səslər ustası" adlandırırlar.

Doğrudan da Habil Əliyevin əlində kiçik dörd simli kamança poetik obrazları və əhval-ruhiyyəni, insan hisslərinin və emosiyalarının minlərlə zərif çalarlarını bütün dünyaya çatdıran qüdrətli alətdir. Habil Əliyev kamançasının tembr şkalası demək olar ki sərhədsizdir: burada həm orta, isti registrlərin incə yalvarışı, həm sürətli pissikatonun inci kimi düzümü, həm yumşaq bəm simin çılğın deklamasiyası əks olunur. Habil Əliyevin alətdə mahir çalma bacarığı və iti texnikası ən yaxşı şərq sənətkarlarına məxsus zərif musiqi ahəngdarlığı və həssaslığı ilə birləşir. Azərbaycan muğamının qədim ənələrinin layiqli davamçısı, muğam sənətinin görkəmli ustadları olan Cabbar Qaryağdı, Seyid və Xan Şuşinskilər, Zülfü Adıgözəlovun tələbəsi və davamçısı olan Habil Əliyev muğam kompozisiyalarının ilhamlı yaradıcısı və müdrik dramaturqu, bəstəkarı və ifaçısı kimi bacarıqları özündə birləşdirən parlaq improvizatordur. Segah, Şur, Dügah, Mahur, Çahargah, Rast, Zəminxarə muğamlarının unudulmaz ifası Habilin adını müasir muğam yaradıcılığının ən görkəmli sənətkarları sırasına daxil edir. Habil fəlsəfi dünyagörüşünün dərinliyini, zərif lirizm və Azərbaycan xalqının məftunedici rəqslərini əsrlərin dərinliyindən, uzaq keçmişdən bizim dövrə çatdırır. Habil Əliyev yalnız öz sənətinin sehri ilə bütün auditoriyanın diqqətini cəlb etməyi bacaran mahir solist-ifaçı kimi deyil, həm də tərkibinə müğənni-xanəndə və tarzən daxil olan şərqin çalğıçılar triosunun iştirakçısı – həssas ansamblçı kimi də tanınır. Onun Seyid və Xan Şuşinskilərlə, Zülfü Adıgözəlovla, İslam Rzayevlə və Əhməd Bakıxanovla birgə çıxışları dinləyicilərin yaddaşında muğam ifaçılığının, coşqun ustalığın ən gözəl zirvəsi kimi qalıb.

Habil Əliyevin repertuarı həqiqətən ucsuz-bucaqsızdır: qədim və ya müasir olsun, istənilən bəyənilən melodiya, istənilən rəqs və ritm tükənməz fantaziyanın canlı koloritə və incə naxışlara, işıq və kölgənin, yarımtonların şıltaq oyununa çevrildiyi məftunedici improvizasiyalar axınına həyat verir. İfa edən zaman özünü unutmasına, ifa edilən parçanın qısa müddətli olmasına baxmayaraq, Habil Əliyevin sənəti daim zərif zövqlə, ölçü hissi ilə və texniki mükəmməlliklə müşayiət edilir.

Habil Əliyevin musiqi istedadının universallığı ona əsrlərin ənənəsinə yeni həyat verməyə, unudulmuş muğam və havaları, mərasim rəqslərini və ritmlərini yenidən canlandırmağa imkan verir. Buna görə də qədir bilən xalq Habil Əliyevi ən yüksək hörmətə layiq bilərək, onun oxuyan ruhu olan alətinin adı ilə "Habil Kaman" adlandırırlar. Bu da məlumdur ki, Habilin müəyyən muğam improvizasiyaları hal-hazırda qanuni olaraq təsdiq edilmiş və "Habil Segahı" və ya "Habil Dugahı" kimi adlandırılmışdır.

Habil Kaman bu gün də öz möhtəşəm sənətinin incilərini xalqa bəxş edərək dinləyiciləri valeh etməyə davam edir. Gücün və istedadın tərəqqisi ilə o, həm mütəxəssislərin, həm də geniş musiqi sevərlər kütləsinin qəlblərini dönə-dönə fəth edərək həvəslə yaradır. Heç bir şübhə yoxdur ki, sənətkarın sağlığında onun sənəti Azərbaycan mədəniyyətinin ayrılmaz hissəsi və qiymətsiz yaradıcılıq potensialı olaraq onun tarixinə qızıl hərflərlə həkk olunub.

Bəstəkar Firəngiz Əlizadə


Site by Jeykhun Imanov Studio