ana səhifə pxl bizə yazın pxl pxl english version
Habil Əliyev
pxl pxl
Miniatura Kaman 1 Kaman 2 Kaman 3 Kaman 4 Kaman 5 Kaman 6 Kaman 7
Kamança

Kamança Azərbaycanın kamanla çalınan qədim simli musiqi alətidir.

Kamançanın müxtəlif növləri başqa adlarla Şərq və Orta Asiya xalqları arasında yayılmışdır. Kamança ifaçılığının Azərbaycanda yüksək inkişafı XIX əsrin ikinci yarısından başlayaraq xanəndəlik sənətinin inkişaf etməsi ilə bağlıdır. İlk nümunələri balqabaqdan, hind qozundan hazırlanar, fil sümüyü ilə bəzədilərmiş. İncə, məlahətli, melodik səsə malik bu alət əsrlər boyu təkmilləşərək bu günümüzə qədər gəlib çıxmışdır. Kamançanın simlərinin sayı əvvəlcə bir, sonra iki və nəhayət doqquz simli olmuşdur. Bir və ikisimli kamançanın nə vaxtsa yaylı qopuzdan formalaşması güman edilir. Kamança Orta əsr klassiklərinin əsərlərində geniş təsvir olunmuşdur. XVI əsr Təbriz rəssamlıq məktəbinin nümayəndəsi Mir Seyid Əlinin "Musiqi məclisi" rəsm əsərində bərbət, dəf və kamança alətləri təsvir edilmişdir. Əbdülqadir Marağai əsərlərində başqa musiqi alətləri ilə yanaşı, kamançanın da adını çəkmiş və onun haqqında məlumat vermişdir. XVII əsrdə Azərbaycana səyahət etmiş alman səyyahı E.Kempfer kamançanın üçsimli və bəzən də dördsimli alət olduğunu, çox gözəl səs tembri ilə səsləndiyini qeyd edir. Dahi Azərbaycan şairi Nizami Gəncəvinin "Xosrov və Şirin" poemasında kamança belə təsvir edilir:

Kaman Musa kimi yanır, inləyir,
Çalan xanəndəni durub dinləyir.
Oxuyan bir gözəl qəzəl başladı,
Bu keyfi-işrəti çox alqışladı.

Keçən əsrdə üçsimli, dördsimli və hətta beşsimli kamançanın mövcudluğu məlumdur. Azərbaycan Tarixi Muzeyinin Etnoqrafiya Fondunda saxlanılan XIX əsrə aid beşsimli kamança bu baxımdan maraqlıdır. Həmin muzeydə Azərbaycanın görkəmli bəstəkarı Zülfüqar Hacıbəyova məxsus olan bir kamança da nümayiş etdirilir. Üç simdən ibarət olan bu kamançanın çanaq və qol hissələri yüksək zövqlə təbii sədəflə bəzədilmişdir. XIX əsrə aid edilən bu alətin maraqlı cəhəti ondan ibarətdir ki, onun çanağı yarı hissədən şaquli şəkildə kəsilmiş və üzərinə dəri çəkilmişdir.

Kamanla çalınan kamança tut və yaxud qoz ağacından, kaman isə at tükündən hazırlanır. Kamança çanaq, qol və çanağın içərisindən keçərək, onun hər iki hissəsini birləşdirən şişdən ibarətdir. Çanaq, qol və aşıqlar xüsusi dəzgahda yonulma üsulu ilə hazırlanır. Çanağın üzünə nərə balığının dərisindən hazırlanmış üzlük çəkilir. Müasir dövrümüzdə dörd simdən ibarət olan kamança sol dizin üstünə qoyularaq çalınır. Alətin səslənməsinin yaxşı təmin edilməsində qol ilə simlər arasındakı məsafənin dəqiq təyin edilməsi vacib şərtdir. Ümumi uzunluğu 700 mm, çanağının hündürlüyü 175 mm, eni 195 mm-dir. Diapazonu kiçik oktavanın "lya" səsindən üçüncü oktavanın "lya" səsinə kimidir. Kamança üçün notlar "sol" açarında yazılır və yazılışından bir ton yuxarı səslənir. Xalis kvarta, kvinta intervalları ilə köklənir.

Dahi Azərbaycan bəstəkarı Üzeyir Hacıbəyov kamançanın səs tembrinə çox yüksək qiymət vermişdir. "... Kamançada çalınan musiqi, səs etibarilə daha mükəmməl və insan səsinə daha yaxındır. Kamança melodik alətlərdən ən gözəlidir".

Müasir kamança bədii-texniki cəhətdən Avropa musiqi alətlərilə eyni tələblərə cavab verə bilir. Kamançanın səsi əsrlərin dərinliklərindən gəlir. Alimlərin fikrincə, eramızdan əvvəl on üçüncü minillikdə əvvəlcə zərblə çalınan alətlər, sonuncu isə kamanla çalınan alətlər yaranmışdır. Ümumiyyətlə, kamanlı alətlərin yaranması haqqında müxtəlif fikirlər vardır. Orta Asiya əfsanələrində kamanlı qopuzun Dədə Qorqud tərəfindən yaradıldığı söylənilir. Bəzi alimlər, xüsusilə də, doktor Verner Bəhman Əl Fərabinin traktatlarına istinadən, Orta Asiyanı kamanlı alətlərin vətəni sayılır.

Azərbaycan ərazisində kamançanın qədimlərdən mövcüd olduğunu təsdiq edən onlarla bədii-tarixi sənəd vardır. Kamançanın xalq musiqisində rolu böyükdür. Elə muğamlarımız var ki, öz bədii səslənmə həllini məhz bu alətdə tapmışdır. "Şüştər", "Şur", "Bayatı-Şiraz" və başqa muğamlarımız dediklərimizə canlı sübutdur.

Kamança öz adını farsca "kəmançe" sözündən götürmüşdür. Məna etibarilə də "kiçik kaman" kimi izah olunur. Kamança öz adını ibtidai silah növü olan kamandan almışdır. Söz yox ki, xalqımızın deyimlərində "kaman kimi əyilmək", "kamana dönmək", "qaşları kaman" və s. ifadələri də məhz kamanının quruluşu ilə əlaqədar yaranmışdır. Yeri gəlmişkən, kamança kəmanə ilə, yəni kamanın yayı ilə, daha doğrusu, ona istinadən hazırlanmış mükəmməl quruluşlu əşya ilə səsləndirilir. Adının yaranmasının əsas səbəbi da buradan gəlir.

İniltili səs tembrinə malik olan kamançada xalq musiqimiz daha dolğun, daha təsirli səslənir. Kamançadan xalq çalğı alətləri orkestrində və ansambllarda əsas melodiyanı aparan solo aləti kimi də istifadə edilir.

Muğamlarımızın ifası zamanı trioya (tar, kamança, qaval (dəf)) daxil olan kamança, Azərbaycan xalq çalğı alətlərinin kamanlı-simlilər qrupunun ən parlaq nümayəndəsidir.

Site by Jeykhun Imanov Studio